SOCAR 550 mln. manat mənfəət əldə edib

SOCAR 550 mln. manat mənfəət əldə edib

SOCAR şirkəti 2016-cı ilin ilk yarısını mənfəətlə başa vurub. Bu barədə SOCAR istiqrazları üzrə ilk faiz ödənişinə həsr edilmiş mətbuat konfransında SOCAR-ın iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, ötən ilin yanvar-iyun ayları üzrə SOCAR-ın audit olunmuş maliyyə göstəricilərinə görə, şirkət həmin dövrü mənfəətlə başa vurub.

Bu dövrdə əldə edilən mənfəət 550 mln. manat olub: «Düşünürük ki, ilin sonuna bu rəqəm ən azı qorunub saxlanılacaq»-deyə S.Qasımov bildirib.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR İstiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb.

İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfədən artıq olub.

Oktyabr ayının 17-dən isə SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.