SOCAR İstiqrazlarının təcrübəsi digər şirkətlərə nümunədir

SOCAR İstiqrazlarının təcrübəsi digər şirkətlərə nümunədir

Martın 6-da Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə «Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar» mövzusunda tədbir keçirilib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, MBNP-nın icraçı direktoru İbrahim Alışovun və ASK prezidenti Məmməd Musayevin qatıldığı tədbirdə qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyasının xüsusiyyətləri, eləcə də kapital bazarına aid digər məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafında SOCAR İstiqrazlarının rolu xüsusi vurğulanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib ki, SOCAR İstiqrazlarının buraxılışı qiymətli kağızlar bazarında müsbət təcrübə olub və böyük canlanma yaradıb.

Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Vüqar Namazov isə qeyd edib ki, İstiqrazların buraxılması prosesində qiymətli kağızlar bazarının infrastrukturu təkmilləşdirilib, burada yeni imkanlar yaradılıb. Bazara SOCAR təminatı ilə etibarlı alətin daxil olması isə bütün qiymətli kağızlar sektoruna inamı yüksəldib.

Likvidliyi və etibarlığı sayəsində, hüquqi və fiziki şəxslər, əhali istiqrazlara böyük maraq göstərib. SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan bildirib ki, indiyədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 136 milyon dolları keçib. SOCAR İstiqrazlarına olan inam və əməliyyatların aktivliyi Azərbaycanda qiymətli kağızlar bazarının böyük potensialının olduğunu göstərib.

Tədbirdə SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan «Kapital bazarlarının inkişafında xarici investora ehtiyac varmı?» mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dünyanın kapital bazarının potensialı və buradakı imkanlar, Azərbaycanın qiymətli kağızlar bazarı üçün xarici investisiyaların əhəmiyyəti, xarici investisiya cəlb etməyin üsulları, investorların özəl biznesə gətirəcəyi yeniliklər və yeni tələblər barədə ətraflı məlumat verilib.