Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi kəskin artıb.
İstiqrazların marketmeykeri olan “PSG Kapital” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu ilin əvvəlindən indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyyatları üzrə 4 müqavilə bağlanılıb. Bu müqavilələr əsasında istiqraz sahibləri aşağı faizlərlə 2,7 milyon dollardan çox vəsait cəlb ediblər.
SOCAR istiqrazları ilə REPO əməliyyatlarına ötən ilin noyabr ayından start verilib. REPO əməliyyatları zamanı SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazları girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit cəlb edə bilirlər.
“PSG Kapital” şirkətinin məlumatına görə, indiyədək SOCAR istiqrazları ilə REPO əməliyyatları üzrə ümumilikdə 17 müqavilə bağlanılıb, istiqraz sahibləri 14,4 milyon dollar kredit cəlb ediblər. Bu əməliyyatlardan həm hüquqi şəxslər, həm də istiqrazı olan fiziki şəxslər, adi vətəndaşlar faydalanıblar.
REPO vasitəsilə cəlb edilən vəsaitlərin məbləği 2,8 min dollardan 1,1 milyon dollaradək dəyişir. Bu vəsaitlər 2-22 gün müddətinə götürülüb.
Bununla yanaşı, SOCAR istiqrazı sahibləri REPO əməliyyatı vasitəsilə təqribən 3 aylıq müddətə də vəsait cəlb edə bilərlər. Burada əsas tələb odur ki, REPO ilə götürülən vəsaitlər faiz ödənişinə 5 gün qalana qədər geri ödənilsin.
Xatırladaq ki, SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi aprel ayının 17-də olacaq. Həmin vaxtadək REPO əməliyyatında iştirak edənlər əldə etdikləri vəsaitləri bu tarixə 5 gün qalana qədər qaytarmalıdırlar. Hazırda fevralın əvvəli olduğunu nəzərə alanda istənilən istiqraz sahibi REPO əməliyyatı edərək 2 aylıq müddətə, illik 3,5 faiz dərəcəsi ilə vəsait cəlb edə bilər.
Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə repo məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə “hair cut” (təminat əmsalı) cəmi 5 faiz təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95 faizi həcmində vəsait cəlb edə bilərlər.