Yanvar ayının 15-dən etibarən Dövlət Neft Şirkətinin (SOCAR) “yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazlarının abunə yazılışına start verildi.
“SOCAR Capital” şirkətindən bildirilib ki, nominal dəyəri 1000 (min) ABŞ dolları olan SOCAR istiqrazları sahiblərinə 6% illik gəlir qazandıracaq. İstiqrazlar 5 illik müddətə buraxılır və kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları təşkil edən istiqrazları əldə etmək üçün son tarix bu ilin fevral ayının 28-dir.
“Yaşıl” istiqrazlardan əldə olunan vəsait ölkəmiz üçün prioritet əhəmiyyətə malik “yaşıl” enerji layihə və investisiyalarına sərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı və stabil gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.
Eyni zamanda, Azərbaycanın “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindən biridir.
“Paşa Kapital” İnvestisiya Şirkətinin anderrayteri olduğu “yaşıl” SOCAR istiqrazlarını 1 və 5 saylı
“ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.
Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.
Xatırlatmaq istərdik ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.