SOCAR İstiqrazları 17 iyul tarixində baş tutan sayca 15-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1 milyon 250 min dollarlıq gəlir qazandırdı. İstiqraz sahiblərinin ümumi qazancı hazırda 18 milyon 750 min dollar təşkil edir.
Nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb. Təkrar bazar əməliyyatları həcminin $190 milyonu ötməsi, bağlanmış əqd sayının 2.200–ə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $36 milyonu aşması SOCAR İstiqrazlarına olan böyük tələbatdan xəbər verir.
SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur. 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 oktyabr tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.